Rusiyanın Sverdlovsk vilayətinin Bolşoy İstok qəsəbəsində "Mercedes" markalı avtomobil partlayıb. Hadisə nəticəsində "Upır" adlı dron istehsalı zavodunun rəhbəri Vladimir Tkaçuk ağır bədən xəsarətləri alıb.
Oxu.Az xəbər verir ki, insidentlə bağlı məlumatı "E1.ru" "Telegram" kanalı yayıb.
Məlumata görə, zərərçəkmiş iş adamı kritik vəziyyətdə reanimasiya şöbəsinə yerləşdirilib. İstintaq orqanları tərəfindən partlayış faktı ilə əlaqədar olaraq artıq cinayət işi başlanılıb.
İlkin ehtimallara əsasən, partlayış zamanı biznesmenin sürücü-mühafizəçisi həlak olub. Hazırda hadisənin başvermə səbəbləri və təfərrüatları araşdırılır. Nə hüquq-mühafizə qurumları, nə də dron istehsal edən şirkət məsələ ilə bağlı hələlik rəsmi açıqlama verməyiblər.