Çukotkada (Rusiya) itmiş “An-2” təyyarəsi tapılıb. İki pilot və bir sərnişin, ilkin məlumatlara görə, sağdır, lakin xəsarətlər alıblar.
Bu barədə Rusiyanın Çukotka Muxtar Dairəsinin qubernatoru Vladislav Kuznetsov “Telegram” kanalında məlumat verib.
“İtmiş təyyarə tapılıb. İlkin məlumata görə, hər üç nəfər - pilotlar və sərnişin sağdır, lakin müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Tapılan zaman təyyarədə iki nəfər (ikinci pilot və sərnişin) olub. Gəminin kapitanı əlaqə yaratmaq üçün yer axtarışında piyada yola düşüb. Hazırda təyyarənin kapitanı üçün axtarış qrupu yola düşüb”, - deyə o yazıb.
Kuznetsov əlavə edib ki, zərərçəkmişlər Şaxtyorski artelinə aparılırlar. Səhər hava şəraiti imkan verərsə, onlar üçün tibbi reys göndəriləcək.
11:56
Çukotkada (Rusiya) göyərtəsində üç nəfərin olduğu Pevek-Polyarnıy reysini yerinə yetirən “An-2” təyyarəsi yoxa çıxıb.
Bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyinin region üzrə Baş idarəsindən məlumat verilib.
“Moskva vaxtı ilə saat 05:30-da (Bakı vaxtı ilə 06:30 ) Maqadan Regional Planlaşdırma Mərkəzinin növbətçisinə məlumat daxil olub ki, saat 01:40-da (Bakı vaxtı ilə 02:40) “Strij Avia” aviaşirkətinə məxsus “An-2” təyyarəsi Pevek-Polyarnıy-Pevek marşrutu üzrə uçub və eniş edəcək vaxtda əlaqə saxlamayıb. Hazırda gəminin son koordinatları məlumdur. Təyyarədə iki ekipaj üzvü və bir sərnişin olmaqla üç nəfər var”, - deyə departamentdən bildirilib.
Marşrutun yoxlanılması üçün Fövqəladə Hallar Nazirliyinin region üzrə Baş idarəsinin qeyd etdiyi kimi, Moskva vaxtı ilə saat 05:30-da xilasedicilər “Mi-8” helikopteri ilə havaya qalxıblar. Bir saat sonra xizəkli-tırtıllı avtomobil itən təyyarəni axtarmaq üçün yola düşüb.
Bildirilir ki, təyyarənin son koordinatları məlumdur.
Mənbə: RİA Novosti