Moskvada Qırmızı meydanda qələbənin əsas məşqi zamanı Rusiya Müdafiə Nazirliyi tərəfindən mayın əvvəlində göstərilən yeni nəsil “Armata” tankının mühərrikində nasazlıq meydana gəlib.
Oxu.Az xəbər verir ki, bu barədə “Moskovski komsomolets” qəzetinin saytında bildirilib.
Məşqi müşahidə edən nəşrin müxbiri xəbər verib ki, tank Qırmızı meydanda zirehli maşınların dəstəsində DUM-dan hərəkət edib, Mavzoleyin yanına çatanda isə dayanıb.
Müxbirin sözlərinə görə, tank xüsusi texnikanın vasitəsilə buksirə qoşulana qədər 10 dəqiqəyə yaxın dayanıb. Məşq sona çatdıqdan sonra paradın diktoru “Armata”nın dayanmasının səbəbini “hərbi texnikanın təxliyyəsinin aparılmasının planlı nümayişi” kimi izah edib.
“Komsomolskaya pravda”nın xüsusi müxbiri Dmitri Smirnov da Twitter-də məşq zamanı tanklardan birinin dayandığını, sonradan diktor tərəfindən bunun xüsusi olaraq hərbi texnikanın təxliyyəsi üzrə məşq olduğunu elan etdi. Smirnov xəbər verib ki, dayanan tanka Müdafiə Nazirliyinin rəhbəri Sergey Şoyqu yaxınlaşıb, sonradan tankın təxliyyəsi başlanılıb.
“Armata”nı istehsal edən “Uralvaqonzavod” şirkətinin baş direktorunun müavini Aleksey Jariç Twitter-ində qeyd edib ki, parad zamanı “Armata”nı “Uralvaqonzavod”un sürücüsü idarə edib. Onun sözlərinə görə, tank rahat işə salınıb və hərəkət edib.
“Siz yeni texnikanı ilk dəfə idarə edən uşaqların həyəcanını təsəvvür edin. Tədris davam edir”, - Jariç yekunlaşdırıb.
