Rusiyada İjevsk Şəhər Şurasının sabiq deputatı Andrey Ediqarev hakimiyyəti zorla ələ keçirmək və terror təşkilatı təşkil etmək ittihamları ilə həbs edilib.
Oxu.Az bildirir ki, bu barədə "RİA Novosti" agentliyi hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat verib.
"İjevsk Şəhər Şurasının keçmiş deputatı Andrey Ediqarevə qarşı Rusiya Cinayət Məcəlləsinin 278-ci və Rusiya Cinayət Məcəlləsinin 205.4-cü maddələri üzrə cinayət törədilməsi ittihamı irəli sürülüb", - deyə məlumatda bildirilib.
Agentliyin mənbəyi əlavə edib ki, keçmiş deputat bir neçə il əvvəl Rusiyada terrorçu kimi tanınan bir təşkilatın fəaliyyətində iştirak edib. O zaman Ediqarev həbs edilib.
Bundan əlavə, o, 2023-cü ilin may ayında terrorizmə açıq çağırışlara görə cəza çəkib.