Rusiyada qanuna uyğun yaşamaq müddətini pozan bir neçə yüz min əcnəbiyə ölkəyə daxil olmaya 10 illik qadağa qoyula bilər. Bu barədə Rusiyanın Federal Miqrasiya Xidmətinin rəhbəri Konstantin Romodanovski bildirib.
Oxu.Az-ın Rusiya KİV-nə istinadən verdiyi məlumata əsasən, bu, qanuna edilmiş dəyişikliklərin yanvarın 10-dan qüvvəyə minməsi ilə əlaqədardır.
“Rusiya ərazisində hazırda qanuni yaşama müddəti olan 90 sutkanı çox üstələmiş təxminən 3 milyona yaxın xarici vətəndaş var”, Romodanovski qeyd edib.
O, bildirib ki, yeni dəyişikliklərə əsasən, 120 gün yaşama müddətini üstələmə ölkəyə daxil olmanı avtomatik olaraq 3 illiyə, 270 günü üstələmə isə 5 illiyə qadağan edir.
“360 gündən çox ölkə ərazisində olmağa isə şlaqbaum 10 illiyə bağlı olacaq”, - deyə xidmət rəhbəri bəyan edib.
Öncə Romodanovski bildirmişdi ki, 2015-ci ilin əvvəlində Rusiyaya miqrant axını təxminən 70% azalıb.