Rusiyalı iş adamı və milyarder Mixail Smirnov Leninqrad vilayətinin Priozersk rayonu ərazisində qeydə alınan ağır yol-nəqliyyat hadisəsində həyatını itirib.
Oxu.Az xəbər verir ki, hadisə ilə bağlı Rusiya Daxili İşlər Nazirliyinin Sankt-Peterburq və Leninqrad vilayəti üzrə Baş İdarəsinin mətbuat xidməti rəsmi açıqlama verib.
Məlumata əsasən, "Triumph Bonneville" markalı motosikleti idarə edən şəxs sükan arxasında idarəetməni itirib və əks istiqamətli hərəkət zolağına çıxaraq "Haval" avtomobili ilə toqquşub. Zərbənin təsirindən ağır xəsarətlər alan motosiklet sürücüsü təcili tibbi yardım briqadası hadisə yerinə çatana qədər vəfat edib.
Bildirilir ki, ölən şəxs Mixail Smirnov 7.79 milyard rubl (185,5 milyon manat - red.) sərvəti ilə milyarderlər reytinqində 108-ci sırada qərarlaşıb. O, "Neva Oil" və "Baltic Fuel Company" kimi şirkətlərin həmtəsisçisi olmaqla yanaşı, restoran, neft, konsaltinq və qida çatdırılması sektorlarında iyirmiyə yaxın müəssisənin yaradıcısı kimi tanınırdı.
2024-cü il ərzində iş adamı öz biznes fəaliyyətini dayandıraraq bütün aktivlərindən üz döndərmişdi. "Motosolidarity" adlı motosikletçilər birliyinin ehtimalına görə, M.Smirnov qəfil ötmə əməliyyatı etməyə çalışıb və ya motosikletin elektron qaz pedalı sıradan çıxıb. Qəza yerində lentə alınan kadrlardan aydın olur ki, toqquşma anında motosikletçi bir neçə metr kənara atılıb və ölümcül travmalar alıb. Hazırda hüquq-mühafizə orqanları tərəfindən araşdırma davam edir. "Haval"ın sürücüsü isə hadisə nəticəsində xəsarət almayıb.