Sosial şəbəkələrdə rusiyalı publisist və müxalifətçi Vladimir Pribilovskinin ölməsinə dair məlumat yayılmağa başlayıb.
Oxu.Az znak.com-a istinadən xəbər verir ki, bu barədə Rusiya-Amerika tarixçisi Yuri Felştinski öz Facebook səhifəsində yazıb.
“Əziz dostlar! Elə indicə mənə “Korporasiya: Rusiya və DTK Putin dövründə” kitabımın həmmüəllifinin Moskvada öz mənzilində ölü tapıldığını bildirdilər. Hazırda heç bir əlavə məlumatım yoxdur”, - məlumatda deyilir.
Faciə barədə həmçinin “Sova” hüquq müdafiə mərkəzinin direktoru Aleksandr Verxovski də bildirib.
“Bu gün gecə Volodya Pribilovskinin öldüyü məlum olub. Təfərrüatları bilmirəm. Onunla həyatımın 14 ili – daha çox mənim idarə etdiyim “Panorama” qəzeti, daha sonra isə daha çox onun idarə etdiyi Mərkəzlə bağlıdır”, - Verxovski öz Facebook səhifəsində yazıb.
Amma Pribilovskinin ölümü barədə məlumat rəsmi olaraq təsdiqlənməyib. Vladimir Pribilovski rusiyalı publisist, tərcüməçi, müxalifətçi, “Panorama” informasiya-araşdırma mərkəzinin prezidenti, “Antrikompromat” internet-nəşrinin rəhbəri, “Subtropik Rusiya” hərəkatının lideri idi. 2015-ci ilin martında Pribilovskinin 59 yaşı tamam olmuşdu.