Bu gün Bakı Metropoliteninin "Əhmədli" stansiyasında özünü qatarın altına ataraq intihar edən şəxslə bağlı bəzi məqamlar məlum olub.
Oxu.Az xəbər verir ki, Lent.az-ın əldə etidiyi məlumata görə, intihar edən 34 yaşlı Qoşqar Aşurov əslən Qazax rayonundandır və bu rayonda qeydiyyatdadır.
O, bir neçə il əvvəl ailəsi ilə birgə Bakıya işləməyə gəlib və burada kirayə yaşayırmış. Bir müddət əvvəl isə Q.Aşurov işsiz qalıb.
Q.Aşurovun əksər qohumları rayonda yaşadığı üçün onun barəsində hələlik dolğun informasiya almaq mümkün olmayıb. Onun qardaşı Bakıya çağırılıb.
Hadisənin baş vermə şəraitinə gəlincə, bu gün saat 11 radələrində Q.Aşurov metronun "Əhmədli" stansiyasında platformada olarkən qəfil hərəkətlə özünü yaxınlaşan qatarın altına atıb. Stansiyada xidmət aparan polis və qatarı idarə edən maşinist onun intiharına mane ola bilməyib.
Hadisə vaxtı o qədər dəhşətli mənzərə yaranıb ki, stansiyada olan bəzi sərnişinlər və meyiti götürmək üçün aşağı düşən əməkdaşlar ağır sarsıntı keçirib.
12:11
“Bakı Mertopoliteni” Qapalı Səhmdar Cəmiyyəti mertodakı intihar hadisəsilə bağlı məlumat yayıb.
Qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Oxu.Az-a bildirib ki, hadisə bu gün saat 11:08 radələrində mertonun "Əhmədli" stansiyasında baş verib.
Qatar stansiyanın platformasına daxil olarkən 1982-ci il təvəllüdlü Qazax rayon sakini Aşurov Qoşqar Etibar oğlu özünü qəfildən qatarın altına atıb.
Meyit aidiyyəti üzrə təhvil veriləcək.
N.Paşayev bildirib ki, qatarların hərəkətində problem yoxdur.
11:26
Bakı metrosunda dəhşətli faciə baş verib.
Hadisə şahidlərinin Oxu.Az-a verdiyi məlumata görə, hələlik şəxsiyyəti müəyyənləşdirilməyən vətəndaş özünü Bakı Metropoliteninin “Əhmədli” stansiyasında hərəkətdə olan qatarın altına atıb.
Verilən məlumata əsasən, gənc oğlan hadisə yerində keçinib.
FOTO: Emil Əliyev
www.oxu.az