Cənubi Koreyada "Samsung"un on minlərlə işçisi əməkhaqqı səviyyəsindən narazı olduqları üçün etiraz edir və tətil keçirməyi planlaşdırır.
Oxu.Az "Reuters" agentliyinə istinadən xəbər verir ki, etirazçılar Seulun cənubundakı iri "Samsung" zavod kompleksinin qarşısına toplaşıblar.
Həmkarlar ittifaqları və polis 40 min etirazçı işçinin olduğunu bildirib. Agentlik qeyd edir ki, bu say nümayişi "Samsung" şirkəti üçün tarixdə ən böyük aksiyaya çevrilir.
"Əgər onların tələbləri yerinə yetirilməzsə, mayın 21-dən başlayaraq 18 günlük tətil elan etməyi planlaşdırırlar. Bu, müştərilərə məhsul çatdırılmasının gecikməsinə, çip qiymətlərinin daha da artmasına səbəb ola bilər və rəqiblərin xeyrinə nəticələnər", - deyə materialda qeyd olunur.
"Samsung" tarixində ilk tətil 2024-cü ildə baş vermişdi. O zaman da əməkdaşlar maaşların artırılmasını, məzuniyyət müddətinin uzadılmasını və mükafatlandırma sisteminin təkmilləşdirilməsini tələb edirdilər.
2025-ci ilin fevralında "Samsung" həmkarlar ittifaqlarının maaşların 5,1% artırılması ilə bağlı tələbləri ilə razılaşmışdı. Həmin vaxt bildirilmişdi ki, hər bir əməkdaş şirkətin 30 səhmini və onlayn mağazada məhsullar almaq üçün istifadə edə biləcəyi əlavə bonus əldə edəcək.
