Sankt-Peterburqun Mərkəzi rayonunda binaların damlarında qanunsuz ekskursiyalar təşkil edən şəxs saxlanılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin şəhər üzrə Baş İstintaq İdarəsinin mətbuat xidməti məlumat yayıb.
Saxlanılan şəxs barəsində həyat və sağlamlıq üçün təhlükəsizlik tələblərinə cavab verməyən xidmətlərin göstərilməsi faktı üzrə cinayət işi açılıb. İstintaqın məlumatına görə, şübhəli Tula vilayətinin 29 yaşlı sakinidir.
Məlumata əsasən, o, iyul ayında Nevski prospektində yerləşən binanın damında qanunsuz ekskursiyalar təşkil edib.
Rusiya Daxili İşlər Nazirliyinin Sankt-Peterburq və Leninqrad vilayəti üzrə Baş İdarəsinin məlumatına görə, polis qanunsuz ekskursiya təşkilatçılarını reklam elanları vasitəsilə müəyyən edib. Hüquq-mühafizə orqanlarının əməkdaşları turist qismində çıxış edərək Nevski prospekti, 62 ünvanında yerləşən binanın damına fərdi ekskursiya təşkil olunması barədə razılığa gəliblər.
Əməliyyat məlumatlarına əsasən, təhlükəli ekskursiyanın qiyməti hər nəfər üçün 1 500 rubl təşkil edib. Ekskursiya zamanı isə heç bir təhlükəsizlik tədbiri nəzərdə tutulmayıb.
Ekskursiyanın 29 yaşlı təşkilatçısı və 21 yaşlı bələdçisi saxlanılaraq polis şöbəsinə aparılıblar. Təşkilatçı barəsində ölkəni tərk etməmək haqqında iltizam qətimkan tədbiri seçilib.
Polis, həmçinin bələdçinin şəhərdəki binaların damlarına maneəsiz giriş imkanını necə əldə etdiyini və onun mümkün tərəfdaşlarının kimliyini müəyyənləşdirəcək.