Rusiyanın Sankt-Peterburq şəhərinin Kolpino rayonunda yerləşən İjor sənaye zonasının ərazisində güclü yanğın baş verib. Yanğının sahəsi 80 000 kvadratmetri ötüb.
Oxu.Az Lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidməti məlumat yayıb.
Başvermə səbəbləri hələlik bilinməyən yanğın barədə ilk məlumat FHN-ə Moskva vaxtı ilə saat 01:56-da (Bakı vaxtı ilə 02:56-da) daxil olub. Yanğına dördüncü mürəkkəblik dərəcəsi verilib. Alovun söndürülməsinə 217 nəfər canlı qüvvə və 65 vahid xüsusi texnika (o cümlədən FHN-in 132 əməkdaşı və 42 avtomobili) cəlb olunub.
Hadisə şahidləri bir neçə kilometr məsafədən qatı qara tüstünün və yanıq qoxusunun hiss olunduğunu bildirirlər. Həmin ünvanda kompleks logistika xidmətləri göstərən şirkətin anbarları yerləşir.