Kamçatkadakı Tolbaçik vulkanından helikopterlərlə 99 nəfər təxliyə olunub, daha 18 turist isə aparılmağı gözləyir. Onlar güclü yağışların yolu yuyub aparması səbəbindən vulkan ərazisində köməksiz vəziyyətdə qalmışdılar.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Kamçatka diyarı hökumətinin mətbuat xidməti məlumat yayıb.
"Sonuncu turistlər Tolbaçik vulkanındakı turist marşrutunda yerləşən "Myortvıy les" meydançasından götürülür. Esso kəndinə ayrılan yolayrıcına qədər ümumilikdə altı helikopter reysi həyata keçirilib. 18 turist yeddinci reysi gözləyir", - deyə rəsmi məlumatda bildirilir.
Fövqəladə Hallar Nazirliyindən (FHN) Oxu.Az-a verilən məlumata görə, təxliyə olunanlar arasında Azərbaycan vətəndaşı, aparıcı və animator Tatyana Dolivets də var. O, təxliyə olunması barədə özünün "Instagram" hesabında da məlumat verib.
Xatırladaq ki, avqustun 22-də turistlər əlverişsiz hava şəraiti səbəbindən Tolbaçik vulkanı ərazisində ilişib qalmışdılar. Marşrutda dərin yarğanlar yarandığından nəqliyyat vasitələrinin hərəkəti qeyri-mümkün olmuşdu.
Ümumilikdə vulkan ərazisində 149 nəfər qalmışdı. Helikopterlərlə 117 turistin təxliyə edilməsi planlaşdırılır. Qalan 32 nəfər isə texnika ilə birlikdə yerində qalan və yolun bərpasını gözləyən sürücülərdir.
Avqustun 22-də Kamçatkadakı Ploski Tolbaçik vulkanı ərazisində güclü yağışlar nəticəsində avtomobil yolunu su yuyub aparıb. Nəticədə nəqliyyat vasitələri ilə təbiət mənzərəsini görməyə gələn turistlər xarici aləmdən təcrid olunublar. Yolda dərin yarğanlar yarandığından avtomobillərin hərəkəti qeyri-mümkün olub. Sonradan turistlər bütün zəruri ləvazimatlarla təmin ediliblər.
"Kamçatka vulkanları" təbiət parkının ərazisində təcrid vəziyyətində qalanlar arasında Azərbaycan vətəndaşı, aparıcı və animator Tatyana Dolivets də olub.
Bu barədə Dolivets də öz sosial şəbəkə hesabında qeyd edib.
"Fövqəladə Hallar Nazirliyinin helikopterini gözləyirik. 100-ə yaxın adam təxliyə olunur. Təşvişli gecə idi. Lakin sevimli ölkəmin sevimli vətəndaşlarının diqqəti məni çox təsirləndirdi. Azərbaycan - təşəkkür edirəm", - deyə Dolivets yazıb.

Kamçatka diyarı hökumətinin mətbuat xidmətindən TASS agentliyinə verilən məlumata görə, Tolbaçik vulkanının turist marşrutunda ümumilikdə 149 nəfər ilişib qalıb. Onlardan 117-si helikopterlərlə təxliyə olunacaq:
"Tolbaçik vulkanının turist marşrutunda qalan insanların ümumi sayı 149 nəfər təşkil edib. Onlardan 117 turist helikopterlərlə təxliyə ediləcək. Qalan 32 nəfər isə texnika ilə birlikdə yerində qalan sürücülərdir", - deyə rəsmi məlumatda bildirilir.
Turistlər və bələdçilər helikopterlərlə Esso kəndinə dönən yolayrıcına çatdırılacaqlar. Oradan isə insanlar avtobuslarla Petropavlovsk-Kamçatskiyə aparılacaqlar.
Sürücülər isə nəqliyyat vasitələri ilə birlikdə yerində qalacaq və yolun təmizlənməsini gözləyəcəklər. Yol bərpa edildikdən sonra onlar öz avtomobilləri ilə ərazidən çıxa biləcəklər.