Sankt-Peterburqda içərisində hərbi qulluqçunun olduğu avtomobil partlayıb. Şəhərin Puşkin rayonu ərazisində baş verən hadisə nəticəsində bir kişi həyatını itirib.
Oxu.Az xəbər verir ki, bu barədə TASS agentliyi hüquq-mühafizə orqanlarındakı mənbələrinə istinadən məlumat yayıb.
"Nəqliyyat vasitəsi həyətyanı sahədən Kolpino şosesinə doğru hərəkət edərkən partlayış baş verib. İlkin ehtimallara əsasən, həlak olan şəxs avtomobildə tək olub", - deyə agentliyin mənbəsi qeyd edib.
Rusiya İstintaq Komitəsinin şəhər üzrə baş idarəsinin mətbuat xidmətindən verilən məlumata görə, qurum Sankt-Peterburqun Puşkin rayonunda partlayış törədilməklə hərbçinin qətlə yetirilməsi faktı üzrə cinayət işi başladıb.
Hazırda istintaqçı və kriminalistlər əməliyyat işçiləri ilə əlaqəli şəkildə hadisə yerinə baxış keçirirlər, müvafiq məhkəmə ekspertizaları təyin olunur. Hadisənin bütün təfərrüatları araşdırılır.
Rusiya mətbuatında yer alan digər məlumatlara görə, həlak olan şəxs Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Ordusunun polkovnikidir, baş şturmandır. Hadisə 12 noyabrda səhər saat 7 radələrində baş verib.
Yayılan digər məlumatlara görə, avtomobildə polkovnikin ailə üzvlərindən biri də olub və o xəsarət alıb.