Ermənistanda həbsdə olan "Çiçəklənən Ermənistan" Partiyasının sədri Qaqik Sarukyana qarşı vergidən yayınma maddəsi ilə yeni ictimai cinayət təqibi başlanılıb.
Oxu.Az Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə 12 saatdan çox davam edən dindirmədən sonra Sarukyanın vəkillərindən biri Emin Xaçatryan jurnalistlərə açıqlama verib.
Vəkil bugünkü üzləşməyə münasibət bildirərək qeyd edib ki, iranlı qardaşların əvvəllər verdikləri ifadələrlə bu gün səsləndirdikləri ifadələr arasında ziddiyyətlər olub.
Xatırladaq ki, iyulun 7-də İrəvan məhkəməsi Qaqik Sarukyan barəsində iki aylıq həbs qətimkan tədbiri seçib.
Ermənistan İstintaq Komitəsinin məlumatına görə, Sarukyanın rəhbərlik etdiyi qrup 2022-2024-cü illərdə irimiqyaslı dələduzluq və xüsusilə külli miqdarda çirkli pulların yuyulmasında şübhəli bilinir. İstintaqın versiyasına əsasən, həmin şəxslər Ermənistana nəqliyyat vasitələri, texnika və yanacaq idxalı ilə məşğul olan bir sıra şirkətləri İran vətəndaşlarının adına rəsmiləşdirərək onlara məxsus 22 milyon ABŞ dollarından çox vəsaiti mənimsəyiblər.
Bundan əlavə, iyulun 16-da Ermənistan Baş Prokurorluğu Sarukyana məxsus "Araratsement" zavodunun Antikorrupsiya Məhkəməsinin qərarı ilə dövlətin idarəçiliyinə verildiyini açıqlayıb.
Həmçinin Sarukyana məxsus "Multi Velnes" idman-sağlamlıq kompleksi İrəvan meriyasına təhvil verilib. Ona məxsus "Arinc Moll" ticarət kompleksi isə Dövlət Gəlirləri Komitəsinin əməkdaşları tərəfindən möhürlənib.