Ermənistanın baş naziri Nikol Paşinyan yenidən bəyan edib ki, həbsdə olan Çiçəklənən Ermənistan Partiyasının lideri Qaqik Sarukyana məxsus "Araratsement" zavodu çox yaxında dövlət mülkiyyətinə keçəcək və bu prosesə mane olan hər kəsi işdən çıxarmaqla hədələyib.
Oxu.Az xəbər verir ki, bu barədə TASS agentliyi Ermənistanın baş nazirinin açıqlamasına əsasən məlumat yayıb.
Nazirlər Kabinetinin toplantısından sonra media nümayəndələri ilə danışan Paşinyana "Araratsement"dəki fəaliyyətin bərpasını tələb edən və maliyyə çətinlikləri səbəbindən aksiya keçirən işçilərlə bağlı suallar ünvanlanıb. Baş nazir işçilərin hüquqlarının qorunacağına söz verib.
"Hazırda müəyyən addımlar atan, xüsusən də bunu kənar sifarişlə edən şəxslər Zəngəzur mis-molibden kombinatındakı vəziyyətdə olduğu kimi işdən kənarlaşdırılacaqlar. Bu prosesə qoşulan, yəni insanlara təzyiq göstərən və s., onları hərəkətlərə təhrik etməyə çalışanlar işdən çıxarılacaqlar", - deyə Paşinyan bildirib.
Müxbirin onun zavod əməkdaşlarına hədə-qorxu gəlməsi ilə əlaqədar iradına isə baş nazir belə reaksiya verib: "Bəli, faktiki olaraq, mən hədələyirəm".
Ermənistan hökumətinin başçısı yenidən təkrar edib ki, qısa zamanda "Araratsement" dövlət əmlakına çevriləcək. O əlavə edib ki, müəssisəyə Samvel Karapetyana məxsus "Ermənistan Elektrik Şəbəkələri" şirkətindəki təcrübəyə əsasən yeni idarəedici təyin olunacaq.
Sarukyanın həbsinə, o cümlədən müqavimət göstərmədiyi halda ona qarşı güc tətbiq edilməsi vəziyyətinə toxunan erməni baş nazir təhlükəsizlik qüvvələrinin hərəkətlərinə haqq qazandırmağa çalışıb və hər şeyin qanunvericilik çərçivəsində baş verdiyinə əmin edib. Paşinyanın sözlərinə görə, qanunsuz yolla əldə edilmiş əmlakların müsadirə olunmasını nəzərdə tutan məhkəmə hökmləri ardıcıl şəkildə icra olunmağa başlayır.