Özbəkistan prezidenti ölkə prokurorları və prokurorluq orqanlarının fəaliyyətini kəskin tənqid edib.
Oxu.Az-ın ozodlik.org-a istinadən verdiyi xəbərə görə, Şavkat Mirziyoyev bildirib ki, prokurorlar “köhnə, çürümüş sistemdən qalan ən böyük oğrulardır”.
Özbəkistan prezidenti prokurorluq işçiləri öz vicdansız fəaliyyətlərini davam etdirəcəkləri təqdirdə, hamısını işdən azad edəcəyi ilə hədələyib.
“Mən prokurorları elə də xoşlamıram. Bunu açıq deyirəm. Səbəbini soruşsanız, belə cavab verərəm. Mən rayonların birinin başçısı olmuşam və görmüşəm, bu vicdansızlar özünü necə aparıb. Bunlar prokuror olan kimi yerişləri də dəyişir, özlərindən razı olurlar və insanları heç saymırlar”.
Bəzi prokurorların heç adlarını da düz yaza bilmədiyini deyən özbəkistanlı lider prokurorların özlərinə inşa etdiyi iqamətgahları xatırladıb.
“Biz yeni baş prokuror təyin etmişik, prokurorluq orqanlarını köhnə, çürümüş kardlardan azad edərək 80 faiz əməkdaşı dəyişmişik. Bununla belə, sabiq oğru sistemindən qalan 15-20 faiz prokuror var. Bunlardan biri Daşkənd vilayətinin prokuroru Cəmşid Fayziyevdir. Onsuz da prokurorluq sistemini tam təmizləyəcəyik. Ya prokuror düzgün işləyəcək, ya prokurorluqla əlaqələrini birdəfəlik bitirəcəyik”, - deyə Özbəkistan prezidenti söyləyib.
İ.F.