Rusiyanın Türkiyədəki səfirinin qətlindən sonra Rusiya prezidenti Vladimir Putin Kiçik teatrın bərpa olunmuş binasının açılışına getməyəcəyini bəyan edib.
Oxu.Az xəbər verir ki, bu barədə “Komsomolskaya pravda”nın müxbiri Dmitri Smirnov “Twitter” hesabında bildirib.
Daha öncə dövlət başçısının mətbuat katibi Dmitri Peskov Putinin əgər vaxt qalarsa, Kiçik teatra gələcəyini demişdi.
Teatrın əsas binası bərpadan sonra “Ağıldan bəla” tamaşası ilə açılacaqdı. Komediyanın müəllifi isə Aleksandr Qriboyedov Tehranda Rusiya səfirliyinə hücum zamanı 1829-cu ildə öldürlüb. Fanatik kütləsi səfirliyin ərazisinə soxularaq onun nümayəndələrini doğramışdılar.
Dekabrın 19-da Ankaranın Çankaya bələdiyyəsinin Müasir Sənətlər Mərkəzində təşkil etdiyi rəsm sərgisinin açılışı mərasimində Rusiyanın Türkiyədəki səfiri Andrey Karlova hücum olub. Sərgi salonuna daxil olan naməlum silahlı şəxs səfirə atəş açıb.
Rusiyalı diplomat Andrey Karlov ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, aldığı yaralardan dünyasını dəyişib. Hücum edən şəxs türk hərbçiləri tərəfindən zərərsizləşdirilib.
N.O.
www.oxu.az