ABŞ polisi təsadüfən səhv evə yaxınlaşaraq qapını döyən tələbəni güllələyib.
Oxu.Az xəbər verir ki, bu barədə CBS Pensilvaniya ştatının Montqomeri dairəsinin prokurorluğuna istinadən məlumat yayıb.
Hadisə avqustun 22-də gecə saatlarında Apper Pottsqrov qəsəbəsində baş verib. 22 yaşlı Qlen Piçer dostunun ad gününü bir qrup şəxslə birlikdə barda qeyd edib. Məkan bağlandıqdan sonra dostlar yaxınlıqdakı fərdi evlərdən birində görüşü davam etdirmək qərarına gəliblər. Lakin onlar həmin evə ayrı-ayrılıqda getməyə qərar veriblər.
Həlak olan gəncin anası Erin Piçerin sözlərinə görə, oğlu evə tək piyada gedib və qaranlıq, yaxud içdiyi spirtli içkinin təsiri səbəbindən ünvanı səhv salıb. O, gəncin meşəlik ərazidə yerləşən və bir-birinə bənzəyən iki kotteci səhv saldığını ehtimal edir.
Ev sahibləri 911-ə zəng ediblər. Polis hadisə yerinə gəlib və Piçeri evin arxa həyətində aşkar edib. Montqomeri dairəsinin prokurorluğunun məlumatına görə, burada qarşıdurma baş verib və Qlen Piçer güllələnərək öldürülüb.
Öldürülən gəncin yaxınları polisin hərəkətləri ilə qətiyyən razılaşmırlar. Tələbənin anası oğlunun silahsız olduğunu, üzərində yalnız mobil telefon və bel çantası olduğunu bildirib.
Hazırda ailə qonşuların həyətində quraşdırılmış müşahidə kameralarının görüntülərinin yayımlanmasına nail olmağa çalışır. Polis isə istintaq davam etdiyi üçün hadisə ilə bağlı hələlik ətraflı açıqlama verməkdən çəkinir.