Finlandiya Rusiyanın Dövlət Dumasının spikeri Sergey Narışkinə viza verməkdən imtina edib.
Oxu.Az xəbər verir ki, bu barədə TASS-a Finlandiya XİN-nin nümayəndəsi Vesa Hyakkinen məlumat verib.
O izah edib ki, bu, rusiyalı siyasətçinin Avropa İttifaqının sanksiya siyahısında olması ilə əlaqədardır.
“Yekun qərar qəbul olunana qədər biz Aİ-nin digər üzv dövlətləri, Aİ və ATƏT rəhbərliyi ilə məsləhətləşdik”, - Hyakkinen deyib.
Onun sözlərinə görə, Narışkindən başqa qara siyahılarda olan daha beş rusiyalı Finlandiyaya gəlmək imkanından məhrum ediliblər.
Qeyd edək ki, Narışkin ATƏT-in Parlament Assambleyasının iyulun 5-dən 9-na qədər Helsinkidə keçiriləcək sessiyasında iştirak etməyə hazırlaşırdı.