Nyu-Yorkdan səmaya qalxmağa hazırlaşan “JetBlue” aviaşirkətinə məxsus təyyarənin salonunda sərnişinlərdən biri ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın qızı, ailəsi ilə milad tətilinə gedən İvanka Trampı tənqid atəşinə tutub.
Oxu.Az Lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə TMZ məlumat yayıb.
Hadisə dekabrın 22-də səhər saatlarında baş verib. Qucağında uşaq olan kişi üç uşağı ilə oturan İvanka Trampa yaxınlaşaraq “Sizin atanız ölkəni məhv edir” deyə qışqırmağa başlayıb.
“O, niyə bizim reysdədi? O, özəl təyyarə ilə uçmalıdır”, - deyə adam əlavə edib.
Şahidlərdən biri nəşrə İvankanın aqressiv davranan sərnişinə heç bir reaksiya vermədən uşaqları ilə məşğul olmağa davam etdiyini bildirib. Kişini təyyarədən çıxardıqda o, “Məni fikrimi bildirdiyim üçün qovursunuz?!” deyə soruşub. “JetBlue” öz növbəsində uçuş zamanı münaqişə yaranma riskinin olduğu üçün onu təyyarədən çıxardıqlarını bildirərək verdikləri qərarı əsaslandırıblar.
“New York Daily News” nəşri qayda pozanın Bruklindən olan vəkil Deniel Cenninqs Qoldşteynin olduğu barədə məlumat yayıb. Hüquqşünasın həyat yoldaşı Hanter kollecinin müəllimi Mettyu Lasner “Twitter”də öz versiyasını irəli sürüb:
“Mənim ərim çox sakit tonda narazıçılığını bildirib, “JetBlue”nun əməkdaşları isə buna qulaq asıb, bizi təyyarədən qovdular”.
Amma bir saat öncə Qoldşteyn Kennedi adına aeroportun beşinci terminalında İvanka və onun əri Cared Kuşneri görüb onları narahat etmək fikrinə gəldiyini yazıb.
N.O.
www.oxu.az