Səudiyyə Ərəbistanının Hava Hücumundan Müdafiə sistemləri İraq ərazisindən krallığın neft obyektləri istiqamətində buraxılan bir neçə pilotsuz uçuş aparatını (PUA) ələ keçirib.
Oxu.Az TASS agentliyinə istinadla bildirir ki, hadisə barədə Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyinin sözçüsü Türki əl-Maliki açıqlama verib.
"Ötən bir neçə saat ərzində HHM bölmələri Əş-Şərqiyə vilayətində və Ər-Riyadda neft obyektlərinə hücum etməyə cəhd göstərən bir neçə pilotsuz uçuş aparatını ələ keçirib və məhv edib", - deyə nazirliyin rəsmi bəyanatında qeyd olunur.
Nazirlik rəsmisi hücumların İraqdan İranla əlaqəsi olan terror təşkilatları tərəfindən həyata keçirildiyini diqqətə çatdırıb. O əlavə edib ki, Səudiyyə Ərəbistanı öz sərhədlərini və strateji obyektlərini qorumaq üçün təbii hüququnu təsdiqləyir və lazım bildiyi vaxtda, eləcə də uyğun məkanda bu cəhdlərə adekvat cavab vermək hüququnu özündə saxlayır.
Üsyançıların hərbi nümayəndəsi Yəhya Sariya məlumat verib ki, Yəmənin "Ənsar Allah" hərəkatını təmsil edən husi üsyançıları Səudiyyə Ərəbistanında neft daşıma obyektlərinə pilotsuz uçuş aparatları (PUA) vasitəsilə zərbələr endiriblər.
O, öz "Telegram" kanalında paylaşım edərək, Səudiyyə Ərəbistanının şərqindən Yanbu limanına qədər neftin təchizatı və nəqli prosesində istifadə olunan bir sıra vacib hədəflərə müxtəlif dronlarla hücum edildiyini vurğulayıb.
Sariya bu zərbələrin Səudiyyə pilotsuz təyyarələrinin Yəmənin hava məkanını pozmasına cavab mahiyyəti daşıdığını iddia edib.