Səudiyyə Ərəbistanının şərqində yerləşən Dammam şəhərindəki Kral Fəhd adına beynəlxalq hava limanına husilərin hücumu nəticəsində iki nəfər həyatını itirib, daha səkkiz nəfər isə yaralanıb.
Oxu.Az xəbər verir ki, bu barədə krallığın rəsmilərinə istinadən "The New York Times" (NYT) məlumat yayıb.
Ölənlərin Səudiyyə Ərəbistanı vətəndaşı və ölkədə yaşayan Hindistan vətəndaşı olduğu bildirilir.
Rəsmilərin məlumatına görə, aeroport öz işini adi rejimdə davam etdirir.
Qeyd edək ki, oktyabrın 22-də Yəmənin "Ənsar Allah" hərəkatının nümayəndəsi Yəhya Sariya husilərin Ər-Riyadda Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyinin binasına, Yanbu şəhərindəki "Saudi Aramco" neft şirkətinin obyektinə və Əbha aeroportuna da zərbələr endirdiklərini bəyan edib.
Səudiyyə rəsmiləri hələ bu iddialara münasibət bildirməyiblər.