Ər-Riyadın böyük məscidində Səudiyyə Ərəbistanının Kralı Abdullah bin Əbdüləziz Al Səud ilə vida mərasimi keçirilib. Məsciddə dualar oxunduqdan sonra Kralın qızıl kəfənə bürünmüş cəsədi təcili yardım maşını ilə Al-Aud şəhər qəbiristanlığına aparılıb. Adət-ənənəyə uyğun olaraq, Kral tez və hər hansı təmtəraq olmadan torpağa tapşırılıb. O, müsəlman adət-ənənələri üzrə adsız məzarda dəfn olunub.
Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, Ər-Riyad məscidində keçirilən vida mərasimində və dəfndə yalnız müsəlman dövlətlərin liderləri iştirak ediblər.
Abdullah bin Əbdüləziz Al Səud 1924-cü ildə Ər-Riyadda anadan olmuşdu və kral nəslinin banisi Əbduləziz Al Səudun 42 oğlundan onuncusu idi. O, taxt-taca 2015-ci ildə gəlmiş, bundan əvvəl isə bir sıra dövlət vəzifələri tutmuşdu: Məkkə şəhərinin meri, Milli Qvardiyanın komandanı, Baş nazir olmuşdu. 2013-cü ildə varidatı 63,2 milyard dollar məbləğində qiymətləndirilən Abdullah dünyanın ən zəngin insanları arasında 8-ci, ən varlı monarxlar arasında isə 2-ci yeri tuturdu.
Axşam namazından sonra Səudiyyə Ərəbistanının yeni Kralı Salman bin Əbduləziz Al Səud and içəcək. Kralın vəfatı ilə bağlı rəsmi matəm mərasimi yanvarın 24-də keçiriləcək.
Qeyd edək ki, mərasimdə Azərbaycanı Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə nümayəndə heyəti təmsil edəcək.
07:38
Səudiyyə Ərəbistanının kralı Abdulla bin Əbdül Əziz əl-Saud 91 yaşında dünyasını dəyişib, RİA Novosti Səudiyyə Ərəbistanının dövlət televiziyasına istinadən xəbər verir.
Ötən ay monarxda sətəlcəm aşkarlanmışdı və o xəstəxanaya yerləşdirilmişdi. Kral Ər-Riyadın klinikalarından birində tibbi yoxlamadan keçib.
Yanvarın əvvəlində onu, “ağciyər infeksiyası” diaqnozu ilə evə buraxsalar da, nəfəsalmanı asanlaşdırmaq üçün boğazına xüsusi boru yeridilmişdi. Son dörd ildə kral onurğasında bir neçə cərrahiyyə əməliyyatı keçirib.
Abdulla dünyanın ən yaşlı monarxı idi. O, ilk səudiyyə Kralı II Əbdül-Əzizin ailəsində dünyaya göz açmış, Məkkənin meri, milli qvardiyanın komandanı, baş nazirin birinci müavini vəzifələrini tutmuşdu. 2005-ci ildən o, taxt-tacda vəfat etmiş qardaşı Fəhdi əvəzləmişdi.
Onun yerinə taxta çıxmış Salman ibn Əbdü-Əziz əl-Səud 2012-ci il 18 iyundan taxt-tac varisi olub. Onun əvvəlki vəzifəsi Səudiyyə Ərəbistanının müdafiə naziri idi.