Avtomobili oğurlanan kanadalı cinayətkarı şəxsi helikopteri ilə izləyib.
Kanadanın Nyu-Bransuik əyalətinin sakini Emmanuel Toner yük maşınını yanacaqdoldurma məntəqəsində nəzarətsiz qoyub və bundan istifadə edən naməlum şəxs avtomobili qaçırıb.
E.Toner dərhal polislərə məlumat verib, eyni zamanda, şəxsi helikopterini işə salaraq, oğrunun axtarışına başlayıb.
“Rossiyskaya qazeta” xəbər verir ki, zərərçəkən sosial şəbəkədəki dostlarının köməyi ilə qaçırılmış avtomobilin ünvanını öyrənib.
E.Toner cinayətkarın avtomobili tərk edərək qaçmasına nail olub. Bir müddət sonra hüquq-mühafizə orqanlarının əməkdaşları cinayəti törədən şəxsi saxlayıblar.