Britaniyanın Harrogate şəhərindəki “Imagined Things” adlı kitab mağazasının sahibi rəsmi “Twitter” hesabında şikayət ünvanlayıb.
Oxu.Az-ın verdiyi xəbərə görə, şikayət virus kimi yayılmağa başlayıb və müştərilərin sayı sürətlə artıb.
Kitab evinin sahibi Corciya Daffi satışının aşağı olmasından narahat olub və bloqunda müştərilərə mağazasını ziyarət etmələrini xahiş edib:
“Bu gün üçün yalnız 12,34 funt sterlinq qazandıq. Kimsə bir kitab satın almağı düşünürsə, indi tam vaxtıdır! Bu gün bizim üçün çox pis bir gündür.
Bir açıqca, bir kitab, istənilən bir şey, bizim kimi kiçik bir biznesi olanlar üçün böyük əhəmiyyət daşıyır. Bizə dəstək olduğunuz üçün çox minnətdar olacağıq”, - deyə qeyd edib.
We only took £12.34 today😔...if anyone was thinking about buying a book now would be a great time! Things have been tough recently - today the worst day ever. A card,a book,anything makes a huge difference to a small business like ours. We'd be very grateful for your support.
— ImaginedThings Books (@ImaginedThings) June 25, 2018
Bu yazı təxminən beş min “retweet” qazanıb. Ziyarətçilər və müştərilərin sayı o qədər çox olub ki, mağazanın sahibi müvəqqəti olaraq yatmaq üçün mağazanı bağlamaq məcburiyyətində qalıb.
“Sabah dönəcəyik! Amma indi yatmalıyıq. İnanılmaz bir gün!”, - daha sonra Daffi səhifəsində yazıb.
Digər tərəfdən, tanınmış jurnalist və yazıçı Ellison Pirson (Allison Pearson) bu kiçik biznesi dəstəkləyib. O, Daffi ilə əməkdaşlığa razılıq verib.