Britaniyanın Solsberi şəhərində sinir-paralitik maddə ilə zəhərlənmiş keçmiş rusiyalı casus Serqey Skripal komadan çıxıb və artıq danışa bilir.
Oxu.Az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Bundan əvvəl Solsberi şəhər xəstəxanasının baş həkimi Kristin Blanşard, Skripalın orqanizminin müalicəyə müsbət reaksiya verdiyini və onun sürətlə sağaldığını bildirmişdi.
Skripalın özünə gəlməsi xəbərindən sonra, Rusiyanın Britaniyadakı səfirliyi xəstəxananın tibbi personalına təşəkkür edib.
Səfirlik Skripalın tam sağalmasından sonra qalmaqalın ən qısa zamanda tam obyektiv araşdırlacağına və Britaniya hökumətinin Moskvaya qarşı ittihamları geri götürəcəyinə ümidvar olduğunu bildirib.
Xatırladaq ki, Skripalın zəhərlənməsi ilə bağlı insident martın 4-də Britaniyanın Solsberi şəhərində baş verib. London keçmiş rusiyalı casus və onun qızının sinir-paralitik maddə ilə zəhərlənməsində birbaşa Moskvanı günahlandırır.
Rusiya bu ittihamları rədd edir və Solsberinin Böyük Britaniyanın müdafiə nazirliyinin kimyəvi laboratoriyası yaxınlığında yerləşdiyini xatırladaraq, təxribatın olduğuna eyham vurur.
F.M.
www.oxu.az
Rəylər