Slovakiyanın Baş naziri Robert Fitso zəhmətkeşlərlə həmrəylik nümayiş etdirmək məqsədilə çörək zavodunda ekspeditor-sürücü köməkçisi kimi gecə növbəsində işə başlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə hökumət rəhbəri "Facebook" hesabında məlumat yayıb.
Fitso qeyd edib ki, müəssisə sahibi ilə əldə olunan razılaşmaya əsasən, o, təhlükəsizlik qaydaları ilə bağlı təlimatlandırıldıqdan sonra paylanacaq məhsullara baxış keçirəcək.
Baş nazir əlavə edib ki, çörək zavodunun məhsullarını bir neçə dayanacaq üzrə çatdıracaq. Nəşr vurğulayır ki, istehsalat Slovakiyanın qərbində yerləşən Banovtse-nad-Bebravou şəhərində fəaliyyət göstərir. Fitso bütün gecəni sürücünü müşayiət edəcəyini və hər cür fiziki işi öz üzərinə götürəcəyini bildirib. O, həmçinin bu zəhmətinə görə heç bir ödəniş almayacağını diqqətə çatdırıb.