Şotlandiya hökuməti müstəqillik haqqında referendumun keçiriləcəyi barədə Londona rəsmi müraciət göndərib.
“RİA Novosti” xəbər verir ki, bunu Şotlandiyanın birinci naziri Nikola Stercen bildirib.
Əvvəllər o referendumun keçirilməsi haqqında məsələnin həll olunduğunu dilə gətirib. Söz verildiyi kimi rəsmi muraciət ilin axırına kimi göndərilib.
“Şotlandiya üçün öz müqəddəratını təyin etmək altеrnativ gələcəyin müəyyənləşdirilməsi deməkdi, çünki “Brexit”ə səs verməsək də onu bizə tətbiq edirlər. Gələcəyimizi özümüz seçməliyik”, - deyə Stercen qeyd edib.
Onun sözlərinə görə, Şotlandiya hökuməti referendumun keçirilməsi barədə Böyük Britaniya hökumətindən səlahiyyət verməyi xahiş edir.
Referendumun 2020-ci ildə keçiriləcəyi bildirilir.
2014-cü ildə müstəqillik haqqında ilk referendumda şotlandlar Birləşmiş Krallığın tərkibində qalmağa üstünlük veriblər. Lakin 2016-ci ildə “Brexit” üzrə səsvermədə Şotlandiya Avropa İttifaqından çıxmağın əleyhinə səs verib.