Süni intellekt sahəsində ən nüfuzlu 100 şəxsin siyahısı təqdim olunub.
Oxu.Az bu barədə "Time" jurnalına istinadən xəbər verir.
"Time" siyahıda yer alan şəxsləri dörd kateqoriyaya bölüb.
Birinci kateqoriyaya - "Liderlər" - "OpenAI"ın həmtəsisçisi Sem Altman, "SpaceX"in baş icraçı direktoru İlon Mask, "Anthropic"in həmtəsisçiləri Dario və Daniella Amodei, "Amazon"un təsisçisi Ceff Bezos daxil ediliblər.
İkinci kateqoriyanın - "İnnovatorlar" - iştirakçıları arasında amerikalı aktyor və rejissor, kinoda süni intellektin tətbiqi üzrə "InterPositive" startapının yaradıcısı Ben Afflek və Çinin "Moonshot AI" şirkətinin təsisçisi Yan Çjilin də yer alıblar.
Üçüncü kateqoriya "Süni intellekt sahəsini formalaşdıranlar" adlanır. Buraya aktrisa Paris Hilton - dipfeyklərlə mübarizəsinə görə, amerikalı siyasətçi Berni Sanders - süni intellektin əmək bazarına və bütövlükdə cəmiyyətə mənfi təsirini tənqid etdiyinə görə, investor və ABŞ prezidentinin Elm və Texnologiyalar üzrə Məsləhətçilər Şurasının həmsədri Devid Saks daxil ediliblər.
Dördüncü kateqoriyaya isə "Mütəfəkkirlər" daxildir. Bu kateqoriyada "OpenAI"ın həmtəsisçisi və təhlükəsiz süni intellektin işlənilməsi üzrə "Safe Superintelligence" startapının yaradıcısı İlya Sutskever, süni intellektin işlənilməsi və onun insanlarla əməkdaşlığı üzrə "Thinking Machines" startapının təsisçisi Mira Murati, həmçinin "Nvidia" korporasiyasının davamlılıq üzrə direktoru Coş Parker yer alıblar.
Qeyd edək ki, "Time" jurnalı süni intellekt sahəsində ən nüfuzlu şəxslərin siyahısını 2023-cü ildən dərc edir.
