Tailand və Kamboca orduları şiddətli yağışlar səbəbindən sərhəd bölgələrində hərbi əməliyyatları müvəqqəti dayandırmağa məcbur olublar.
Oxu.Az xəbər verir ki, bu barədə "The Nation" qəzeti Tailand Silahlı Qüvvələrinin bəyanatına istinadən məlumat yayıb.
Qeyd olunub ki, Tailand və Kamboca hərbçiləri əlverişsiz hava şəraitində öz mövqelərini saxlamaqda davam edirlər. Eyni zamanda bildirilib ki, münaqişə zonasında vəziyyət faktiki olaraq dəyişməz qalıb.
Kamboca-Tailand sərhədində döyüşlər iyulun 24-də səhər saatlarında Oddar-Myeonq əyalətindəki mübahisəli sərhəd bölgəsi yaxınlığında başlayıb.
Tailand ordusunun Kambocanın Pousat əyalətinə hücumu nəticəsində azı 13 kambocalı ölüb, 70-dən çox şəxs yaralanıb.
Oxu.Az bu barədə "Khmer Times" qəzetinə istinadla xəbər verir.
Ölənlərdən beşi hərbi qulluqçu, səkkizi isə mülki şəxsdir. Yaralılardan isə 21-i əsgər, azı 50-i dinc sakindir.
Məlumata görə, iki ölkə arasında üç gündür davam edən eskalasiyada Kamboca hakimiyyəti 35 829 sakini sərhəd rayonlardan təxliyə edib.