Mərhum kral Pumpion Adulyadetin (IX Rama) yeganə oğlu 64 yaşlı Maxa Vaçiralonqkorn Tailandın yeni kralı – X Rama elan edilib.
Krallığın Milli qanunverici assambleyasının xüsusi sessiyasının gedişatında assambleyanın sədri Popet Viçitina varisi taxt-tacını tutmağa çağırıb. Daha sonra o, toplaşanları yeni monarxın taxta çıxması münasibəti ilə təbrik edib. Toplaşanlar “Yaşasın kral!” şüarını səsləndiriblər.
Parlamentin iclası bununla da bağlanıb, Maxa Vaçiralonqkornun özü iclasda olmayıb.
Tailand parlamentinin sessiyasına hazırlıq tam məxfi aparılıb. Baş nazir Prayut Çan-Oça öncədən noyabrın 29-da xüsusi gündəmli sessiyanın olacağını bildirmişdi, amma detalları açıqlamaqdan imtina etmişdi.
Çərşənbə axşamı baş nazirin müavini Pravit Vonqsuvan bildirib ki, Nazirlər Kabineti varisin taxta çıxması prosesini, parlamentə müvafiq xəbərdarlığı göndərərək başlayıb. O, həmçinin qeyd edib ki, “varislə bir neçə gün ərzində görüş gözlənilir”.
Bir sıra Qərb KİV-in yaydığı məlumata görə, Maxa Vaçiralonqkorn hazırda Almaniyadadır. Tailandda taxta çıxma mərasimi monarxın rəsmi tacqoyma mərasimi ilə üst-üstə düşməyə bilər. Belə ki, kral IX Rama 1946-cı ildə taxta çıxıb, amma tacqoyma mərasimi dörd il sonra baş tutub. Bununla yanaşı, monarxın hakimiyyətinin başlanması məhz taxta çıxdığı gündən başlayır.
X Ramanın tacqoyma mərasimi atasının dəfnindən sonra baş tutacaq. Hazırda mərhum monarxın nəşi Böyük Kral sarayındadır. Tailandın 70 il kralı olan IX Rama ilə vidalaşmaq üçün hər gün bura on minlərlə insan toplaşır. Monarxın kremasiyası gələn ilin payızından tez baş tutmayacaq.
E.Ə.
www.oxu.az