16 yaşlı rusiyalı fiqurlu konkisürən Alina Qorbaçovanın yoxa çıxmasını aydınlaşdırmaq üçün cinayət işi başlanıb.
Bu barədə Rusiya Federasiyası (RF) İstintaq Komitəsinin Moskva şəhəri üzrə Baş İstintaq İdarəsi məlumat yayıb.
“16 yaşlı Alina Qorbaçovanın itkin düşmə şəraitini müəyyən etmək üçün Rusiya İstintaq Komitəsinin Moskva şəhəri üzrə Baş İstintaq İdarəsi tərəfindən cinayət işi başlanıb”, - məlumatda deyilir.
İstintaq Komitəsinin əməkdaşları Alina Qorbaçovanın yerinin müəyyən edilməsi üçün kompleks istintaq-əməliyyat tədbirləri və əməliyyat-axtarış tədbirləri təşkil ediblər. Onun itkin düşməsinin səbəbləri araşdırılır.
18:08
Fiqurlu konkisürən, yeniyetmələr arasında Rusiya çempionu Alina Qorbaçova itkin düşüb.
16 yaşlı istedadlı idmançının anası mətbuata verdiyi açıqlamada bildirib ki, qızı sonuncu dəfə Moskva şəhərindəki parklardan birinə girərkən görüntülənib.
Qadının sözlərinə görə, hələ ki, hüquq-mühafizə orqanlarının əlində yalnız müşahidə kameraları tərəfindən çəkilən qeydləri var. Qeydlərdə Alinanın parka necə girdiyi görünür, lakin idmançının yaşıl zonanı tərk etməsi barədə görüntülər mövcud deyil.
Rusiya mətbuatında yayılan digər məlumata görə isə, Alina Qorbaçova ötən gün məşq zamanı müəllimi ilə mübahisə edərək olduğu arenadan çıxıb gedib.
Mənbə: BAZA