Rusiyanın tanınmış jurnalisti, “Danışır Moskva” radiostansiyasının baş redaktoru Sergey Dorenko motosikletdən yıxılaraq ölüb.
Bu barədə İnterfaks məlumat yayıb. “Exo Moskvı” nəşrinin baş redaktoru Aleksey Venediktov bildirib:
“O Moskvada motosikletlə gedərkən anidən yıxılıb. İlkin ehtimallara görə o, özünü pis hiss edib və idarəetməni itirdiyinə görə motosikletdən yıxılıb”.

Aleksey Venediktovun verdiyi məlumata görə, həkimlər kliniki ölüm diaqnozunu təsdiq ediblər. Dorenkonu xilas etmək mümkün olmayıb.
Təcili yardım həkimləri bildiriblər ki, jurnalistin ölüm səbəbi ürəktutmasıdır. O özünü saxlaya bilməyib və yıxılıb. Reanimasiya tədbirləri nəticə verməyib:
“Dorenko motosikletdən yıxılsa da, heç kimə zərər verməyib. Yaxınlıqdan keçənlər təcili tibbi yardım çağırıblar”.

Sergey Dorenkonun 59 yaşı var idi.
Onun ölüm anlarını əks etdirən videogörüntülər yayımlanıb.