Tbilisidə yerləşən 20 uşaq bağçasında ən azı 55 uşaq və bir tərbiyəçi zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Oxu.Az xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidməti məlumat yayıb. Bildirilib ki, paytaxtın 20 məktəbəqədər təhsil müəssisəsində 55 azyaşlı və bir müəllimədə intoksikasiya əlamətləri müşahidə olunub.
"Onlar tibbi yardım almaq məqsədilə Tbilisinin altı fərqli xəstəxanasına müraciət ediblər", - deyə açıqlamada bildirilib. Baş vermiş hadisə ilə əlaqədar cinayət işi başlanıb. Gecə saatları ərzində dörd uşaq bağçasında, eləcə də həmin müəssisələri ərzaqla təmin edən üç şirkətdə müvafiq istintaq tədbirləri həyata keçirilib. İstintaq xidmətindən verilən ilkin məlumatlara görə, hadisənin bağçalarda verilən qidadan qaynaqlanan bakterial intoksikasiya olduğu ehtimal edilir.