Şəxsi həyatından narazı qalan tənhalar Müqəddəs Valentin günündə kinoteatrda axşam seansına bütün təkrəqəmli yerlərin biletlərini satın alıblar.
Oxu.Az “ТВ-Новости”-yə istinadən xəbər verir ki, Shanghai Morning Post-un məlumatına görə bu aksiyanın təşəbbüskarı UP ləqəbli internet istifadəçisi olub.
Qəzetə verdiyi müsahibədə o, özünü “kompüter friki” adlandırıb və bildirib ki, onu 1 il bundan qabaq sevdiyi qız tərk edib.
Sevgililər günü ərəfəsində o romantiklərə xoşagəlməz sürpriz etməyi qərara alaraq axşam seansına hər ikinci yerin biletini alıb.
Amma o, bunu nə bron sistemi, nə də kassir vasitəsi ilə edə bilməyib.
Kinoteatrın administrasiyası sırf təkrəqəmli yerlərin biletlərini satmaqdan etiraz edib.
Bu zaman UP İnternetə daxil olub həmfikir qrupu toplayıb. Nəticədə o istədiyi biletləri endirimlə əldə edib.
“Əgər siz Müqəddəs Valentin günündə kinoya getmək istəyirsizsə, o zaman ayrı-ayrı oturmalısız. Ayrılıq ürəkləri yumşaldır. Tənhalara şans verin”, - deyə UP istehza ilə bildirib.
Çinli internet istifadəçisinin bu addımına birmənalı yanaşmayıblar. Tənha istifadəçilər UPun Sevgililər günü bayramını bərbad etmə fikrini dəstəkləyiblər. Amma bəzi blogerlər hesab edirlər ki, seans zamanı insanlar sadəcə yerlərini də dəyişdirə bilərlər.
Müqəddəs Valentin günü Çində yeni qeyd edilən bayramlardandır və Qərbin dəbinə uyma hesab edilir.
Ənənəvi çin təqvimində xüsusi Sevgililər günü var, bu bayram avqustda fanarları yandıraraq, səmaya buraxaraq qeyd edirlər.