Texasda milyonlarla arı daşıyan yük maşını aşıb və dəhşətli mənzərə yaranıb.
Oxu.Az xəbər verir ki, bu barədə "NY Post" məlumat yayıb.
Məlumata görə, hadisə iyunun 21-i Morisvilldə baş verib. Yük maşını yolda aşıb və arıçılar nəhəng arı sürüsünü yığmağa çalışıblar. Yerli hakimiyyət orqanları bütün yerli arıçıları qəzanın nəticələrinin aradan qaldırılmasına kömək etməyə çağırıb.
Eyni zamanda, Orinc dairəsinin xilasetmə xidmətləri qəzaya uğrayan nəqliyyat vasitəsindəki arı pətəklərinin digər maşınlara daşınması prosesi gedərkən əhaliyə evdən çıxmamağı tövsiyə edib. Bu vaxt arılar ətraf əraziyə yayılıb: onlar qəza yerinin yaxınlığındakı bütün səthləri bürüyüb və ağacda nəhəng yuva qurublar.
Hazırda sözügedən insident zamanı hər hansı şəxsin xəsarət alması ilə bağlı rəsmi məlumat yoxdur. Bununla belə, hadisə yerində olan xəbər agentliyini təmsil edən fotoqraflardan birini arı sancdığı bildirilir.