Böyük Britaniya hökuməti ölkədə olduğu müddətdə Şahzadə Harrinin təhlükəsizliyinin təmin olunması ilə bağlı addımlara yenidən baxmağa başlayıb.
Oxu.Az "The Daily Telegraph" qəzetinə istinadən xəbər verir ki, buna səbəb onun ölkənin Daxili İşlər Nazirliyinə təhlükəsizlik durumunun yenidən qiymətləndirilməsi üçün müraciət etməsi olub.
Nəşrin yazdığına görə, Kral ailəsinin və publik şəxslərin müdafiəsi üzrə İcraiyyə Komitəsi (Ravec) son altı ildə ilk dəfə yenidən baxış keçirməyə icazə verib. İlkin rəy növbəti ay məlum olacaq.
Böyük Britaniya Kralı III Çarlzın kiçik oğlu ailə öhdəliklərinin icrasından imtina etdiyi üçün polis müdafiəsindən məhrum olub. May ayında məhkəmə Şahzadə Harrinin apellyasiya şikayətini təmin etməyib. Bundan sonra şahzadə bildirib ki, Böyük Britaniyada həyat yoldaşı Meqan Markl və övladları ilə birgə təhlükəsiz şəkildə yaşaya bilməz.
Şahzadə Harri və M.Markl 2020-ci il martın 31-dən Britaniya kral ailəsi üzvləri ilə ünsiyyəti dayandırıblar. Onlar ABŞ-yə köçüblər və orada yaşayırlar. Bundan sonra Böyük Britaniya hökuməti Şahzadə Harrini vətəninə səfərləri zamanı polis müşayiətindən də məhrum edib.