Böyük Britaniya şahzadəsi Harri anası, Uels şahzadəsi Diana (1961-1997) haqqında sənədli ekran əsəri ərsəyə gətirmək üçün danışıqlar aparır.
Oxu.Az xəbər verir ki, bu barədə "The Daily Telegraph" nəşri Böyük Britaniya kralı III Çarlzın kiçik oğluna yaxın mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, şahzadə Harri gələn il ölümünün 30-cu ildönümü tamam olacaq anasının xatirəsini bu yolla əbədiləşdirmək niyyətindədir. Mənbə nəşrə bildirib ki, hələlik heç nə tam təsdiqlənməyib və Harri bu mühüm yubiley ilində anasının xatirəsini yad etmək üçün ən təsirli vasitələri nəzərdən keçirməyə davam edir.
Məqalədə qeyd olunur ki, sözügedən filmi "Netflix" striminq platforması ala bilər. Nəşrin yazdığına görə, şahzadə Harri artıq bu məsələni anasının dostları və dayısı, qraf Çarlz Spenserlə müzakirə edib. Lakin Spenser televiziya layihəsində sadəcə danışan tərəf olmaqdan imtina edərək öz kitabını yazmağa üstünlük verib. "Qu quşunun nəğməsi: Diana, mənim bacım" (Swan Song: Diana, My Sister) adlı bioqrafik əsər sentyabrın 22-də rəsmi olaraq satışa çıxarılacaq. Buna baxmayaraq, kitabdan dərc edilən bəzi çıxarışlar artıq Bukingem sarayında narazılığa səbəb olub.
Qəzetə görə, bu ekran işi Uels şahzadəsi Uilyamla dayısının açıqlamaları qarşısında susan qardaşı şahzadə Harri arasındakı münasibətləri daha da gərginləşdirə bilər.
Nəşr Çarlz Spenserin bioqrafiyasını mənfi qiymətləndirib. Nəşr bu əsəri "Diana haqqında kitab deyil, eqo abidəsi", müəllifin yanaşmasını isə "öz şəxsinə aludəçilik və pafos" kimi xarakterizə edib. Öz növbəsində, "The Times" qəzeti qraf Spenserin memuarlarında Diananın hekayəsinin "Şekspirvari qan davasına" çevrildiyini vurğulayıb.