Oxu.Az İTAR-TASS-a istinadən xəbər verir ki, Amerikanın Klivlend (Oqayo ştatı) şəhər Məhkəməsi, yanlış məhkəmə qərarı ucbatından həbsxanada 39 il cəza çəkən, 57 yaşlı Riki Ceksonu azadlığa buraxmaq qərarını verib.
1975-ci ildə 19 yaşlı Cekson və onun iki tanışı – Uayli və Ronni Bricmen qardaşları – klivlendli iş adamının qətlində ittiham edilərək həbs edilmişdilər.
Məhkəmədə 12 yaşlı uşaq şahidlik edərək, üç nəfərin biznesmeni öldürdüklərini gördüyünü danışdı.
Nəticədə məhkəmə üzvləri Ceksona ölüm hökmü çıxarırlar, Bricmenləri isə uzun müddət azadlıqdan məhrum edirlər. 1978-ci ildə Oqayo ştatında ölüm hökmü ləğv edilir, ona görə də Ceksonun cəzası ömürlük həbs ilə əvəz edilir.
Amma keçən il şahid qismində çıxış edən şəxs dedektivlərin təsiri altında yalan söylədiyini etiraf edib.
Bu həftə yeni dəlillər əsasında məhkəmə Ceksonu günahsız bilərək azad edib. Cekson həbsxana qapısından xoş əhval-ruhiyyədə çıxıb.
“Mən bilirdim ki, günahsızam və əslində heç bir zaman özümü məhkum hesab etmirdim”, - o bəyan edib.
Bricmenlər 2003-cü ildə azadlığa çıxsalar da Uayli tezliklə yenə barmaqlıqlar arxasına düşüb, belə ki, o vaxtından əvvəl azadlığa buraxılma şərtlərini pozub. Bu gün o yenidən Cekson ilə bərabər azadlığa buraxılıb.
Amerika KİV-in məlumatına görə, 1973-cü ildən bu tərəfə ABŞ-da həbsxanaya səhvən düşən 148 adam azadlığa buraxılıb.
Onların arasında həbsxanada ən çox vaxt keçirən şəxs Cekson olub.