Nigeriyalılar bir neçə gün əvvəl ölkənin hazırkı prezidenti Qudlak Conatanın qızının toyunu birbaşa translyasiya ilə izləyə biliblər.
Oxu.Az ANSPRESS-ə istinadən xəbər verir ki, Nigeriya mətbuatının toyla bağlı yazdığı xəbərlər dünya KİV-lərinin diqqətini cəlb edib.
Feyt Sokve (Faith Sakwe) və Qodsvila Osim Edvardı (Godswill Osim Edward) birləşdirən təntənəli nigah mərasimində Nigeriyanın qubernatorları və yüksək çinli məmurları xanımları ilə birlikdə iştirak ediblər.
Nigah mərasimi paytaxtın ən bahalı məkanlarından biri “Abuja Ecumenical Center”də düzənlənib. Prezident ata qızının ən vacib gününün ideal alınması üçün əlindən gələni edib. О, hətta toya təşrif buyuran qonaqlarına görə də narahatlıq keçirib. Belə ki, məclisə dəvət buyuran qonaqların hər birinə hədiyyə paketi təqdim edilib. Hədiyyə paketinin içinə baxanlar oradan Feyt və Qodsvilanın sevimli fotoları, üstəlik də daşlarla işlənmiş qızıl iPhone görüblər. Hər smartfonun arxa korpusunda yeni cütlüyün adları və nigah tarixləri yazılıb.
Kalabara universitetində təhsil alarkən tanış olan gənclər, özləri evlənməyə qərar veriblər. Feyt və Qodsvilanın ənənəvi rəsmi nigah mərasimi toydan bir həftə əvvəl baş tutub. Gənclər həmin gün diqqətcil dostlarından 80 avtomobil və 335 min dollar məbləğində hədiyyə alıblar.