Vaşinqton Fransa şərabçılarına qarşı müəyyən sanksiyalar tətbiq edə bilər.
Oxu.Az-ın verdiyi məlumata görə, ABŞ prezidenti Donald Tramp öz "Tvitter" səhifəsində belə yazıb.
Amerika lideri vurğulayıb ki, bu addım Parisin ABŞ şirkətlərinə qarşı tətbiq etdiyi "rəqəmsal rüsuma" cavab ola bilər.
Tramp yazıb ki, ABŞ hökuməti Makronun düşüncəsizliyinə qarşı ciddi ölçü götürməyi düşünür.
Prezident onu da əlavə edib ki, "Amerika şərabı Fransanınkından yaxşıdır".
Xatırladaq ki, Fransa texnoloji şirkətlərə, o cümlədən ABŞ şirkətlərinə "rəqəmsal rüsum" tətbiq edib. Belə ki, dünyada 750 milyon avro, Fransada isə 25 milyon avrodan çox qazanan şirkətlər gəlirlərinin üç faizini bu dövlətin büdcəsinə keçirməli olacaqlar.
Rüsum artıq dünyada GAFA adı ilə tanınır, çünki onu ödəyəcək şirkətlər arasında “Google”, “Apple”, “Facebook” və “Amazon” kimi dünya nəhəngləri də var.