ABŞ Prezidenti Donald Tramp 2009-cu ildə Fort-Hud hərbi bazasında silahlı hücum nəticəsində 13 nəfərin ölümünə, 32 nəfərin isə yaralanmasına səbəb olan fələstinəsilli hərbi psixiatr Nidal Malik Həsənin güllələnmə yolu ilə edamına icazə verib.
Oxu.Az xəbər verir ki, bu barədə ABŞ hərb nazirinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Şon Parnell məlumat yayıb.
Pentaqon rəsmisi "X" sosial şəbəkəsində yazıb:
"Hərb naziri Pit Heqset tövsiyə etdi, Prezident Donald Tramp isə 2009-cu ildə Fort-Hudda silahsız ABŞ hərbçilərinə atəş açan cihadçı, məhkum edilmiş terrorçu Nidal Malik Həsənin ABŞ ordusunun atıcı manqası tərəfindən güllələnərək edam olunmasını təsdiqlədi. O, hücum zamanı 13 nəfəri qətlə yetirib, 32 nəfəri isə yaralayıb", - deyə Parnell bildirib.
Qeyd edək ki, 2009-cu ilin noyabrında həbs edilərkən Həsən bir neçə güllə yarası alıb və nəticədə bədəninin aşağı hissəsi iflic olub. O, 2013-cü ilin avqustunda ölüm cəzasına məhkum edilib. Məhkəmə prosesi birbaşa Fort-Hud ərazisində keçirilib. Hərbçi məhkəmədə özünün günahsız olduğunu sübut etməyə cəhd göstərməyib.
ABŞ Quru Qoşunlarına məxsus olan və ölkənin ən böyük hərbi bazası sayılan Fort-Hud Texas ştatındakı Killin şəhərinin yaxınlığında yerləşir. Burada təxminən 40 min nəfər xidmət edir. Fələstinəsilli ABŞ hərbçisinin qətliam törətdiyi bina 2014-cü ildə sökülüb, 2016-cı ildə isə həmin yerdə həlak olanların xatirəsinə abidə ucaldılıb.