Nyu-Yorkda tərəfdarları qarşısında çıxış edən ABŞ prezidentliyinə namizəd Donald Tramp seçki qərargahının sənədlərinin oğurlanması və yayılması ilə bağlı son hadisəni şərh edib. Siyasətçinin sözlərinə görə, bunun arxasında İranla əlaqəli hakerlər dayanırlar.
Oxu.Az bu barədə "RİA Novosti"yə istinadən xəbər verir.
"İran bu məlumatları Co Baydenin qərargahına ötürüb. Bu, xarici dövlətin seçkimizə real müdaxiləsinə nümunədir, uzun illər boyu mənə qarşı irəli sürülən Rusiya ilə bağlı saxta cəfəngiyyat deyil", - deyə Tramp bildirib.
Daha əvvəl Federal Təhqiqatlar Bürosu, Milli Kəşfiyyat Direktorunun Aparatı və İnfrastruktur Kibertəhlükəsizliyi Agentliyi birgə bəyanatla çıxış edərək İran hakerlərini Trampın seçki qərargahının daxili sənədlərini oğurlamaqda və onları KİV-ə, həmçinin hazırkı ABŞ lideri Co Baydenlə əlaqəli şəxslərə göndərməkdə ittiham ediblər.
Rəylər