ABŞ xüsusi prokuroru Robert Müllerin “Rusiya işi” üzrə yekun hesabatı kitab formatında satışa çıxarılacaq.
Bu barədə “The New York Times” məlumat yayıb.
Nəşrin yazdığına görə, “Müllerin hesabatı: xüsusi prokurorun Donald Tramp, Rusiya və əlbirliklə bağlı xüsusi hesabatı” adlı kitabı artıq “Amazon”da öncədən sifariş vermək olur. Maraqlıdır ki, kitab artıq bestsellerlərin reytinqində birinci yeri tutur. Yumşaq üz qabığı olan kitabın satış qiyməti 9.2 dollar təşkil edir.
Qəzetin yazdığına görə, hesabatı eyni vaxtda bir neçə mötəbər nəşriyyat evi, o cümlədən, “Barnes&Noble”, “Skyhorse”, “Washington Post”, “Simon&Schuster”, “Melville House Books” çapdan çıxarmaq niyyətindədir.
Məlumatda qeyd olunur ki, xüsusi prokuror kitabın nəşrindən müəllif olaraq heç bir qonorar almayacaq, çünki federal qanuna əsasən, hökumətin hazırladığı sənədlər ictimai xarakter daşıyır.
Aprelin 18-də ABŞ baş prokuroru Uilyam Barr Trampın 2016-cı il prezident seçkiləri ərəfəsində Rusiya ilə iddia olunan əlbirliyi ilə bağlı “Müller hesabatı”nın yekun variantını təqdim edib.
Araşdırmanın müəllifləri Moskvanın seçkilər prosesinə müdaxilə etdiyini təsdiqləsə də, Trampın bununla əlaqəsini isbat edən hər hansı dəlil tapmayıb.
Rəylər