İspaniya hökuməti krallıq və ABŞ arasında ikitərəfli münasibətlərin hər iki ölkə üçün faydalı olduğunu xatırladıb.
Oxu.Az "El País"ə istinadən xəbər verir ki, bu barədə rəsmi Madriddən Donald Trampın ABŞ-nin İspaniya ilə ticarəti dayandırmaq istəməsinə dair bəyanatlarını şərh edilərkən bildirilib.
Qeyd edilib ki, İspaniya hakimiyyəti D.Trampın sözlərini sakit qarşılayır.
"Ölkəmizin ABŞ ilə gözəl sosial, mədəni və iqtisadi əlaqələri var və biz bunun dəyişməsinə imkan vermək niyyətində deyilik. ABŞ-nin İspaniya ilə ticarət profisiti var", - deyə bəyanatda bildirilib.
Rəsmi Madrid həmçinin xatırladıb ki, Aİ (Avropa İttifaqı) ticarət ittifaqıdır və burada hər hansı bir dövləti ayırmaq olmaz.
"ABŞ və İspaniya arasında ikitərəfli münasibətlər həm ticarət, həm də müdafiə sektorlarında hər iki ölkə üçün faydalıdır", - deyə krallıq hökuməti əlavə edib.
ABŞ Prezidenti Donald Tramp İspaniya ilə ticarəti dayandırmaq qərarına gəlib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Reuters" agentliyi məlumat verir.
Qeyd edilir ki, Tramp maliyyə naziri Skott Bessentə İspaniya ilə ticarəti tamamilə dayandırmağı tapşırıb və Madridi NATO-da "dəhşətli tərəfdaş" adlandırıb.
Xatırladaq ki, iyunun 24-də NATO baş katibi Mark Rütte ilə görüşündə Tramp ABŞ-nin İtaliya, Böyük Britaniya, Almaniya, Fransa və İspaniyadan NATO müttəfiqləri kimi məyus olduğunu bildirmişdi.
Trampın sözlərinə görə, İranla müharibədə kömək etməkdən imtina etdiklərinə görə ABŞ bu ölkələrdən məyus olub.