ABŞ-nin Yaxın Şərqdə yerləşən hərbi qüvvələri ölkə başçısı Donald Trampın müvafiq əmrini verməsindən sonrakı 96 saat ərzində İrana qarşı yeni və genişmiqyaslı əməliyyatlara başlaya bilər.
Oxu.Az xəbər verir ki, bu barədə iki amerikalı rəsmiyə istinadla CNN telekanalı xəbər yayıb.
Məlumata əsasən, belə hücumların reallaşdırılması üçün bölgədə kifayət qədər qüvvə artıq cəmləşdirilib.
Qeyd olunur ki, əsas məsələ əmrin verilib-verilməyəcəyi deyil, bunun məhz nə vaxt baş verəcəyidir.
Rəsmilərin ehtimallarına görə, bu, ilin sonunadək, böyük ehtimalla ABŞ-dəki aralıq seçkisindən sonra baş verə bilər. Baxmayaraq ki, Tramp hələ yekun qərarını verməyib.
CNN vurğulayır ki, ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) və Pentaqon artıq İranda hədəfə alınacaq obyektlərin geniş siyahısını tərtib edib.
Bu siyahıya enerji infrastrukturu, hərbi və nüvə obyektləri daxildir. Amerika kəşfiyyatının mütəxəssisləri hesab edirlər ki, zərbə endiriləcəyi təqdirdə, İran və Yəməndəki "Ənsar Allah" hərəkatından olan husi üsyançıları həm regionda, həm də onun hüdudlarından kənarda ABŞ hərbçilərinə və obyektlərinə dərhal cavab hücumları edəcəklər.
Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı müharibəyə başlayıb. İyun ayında isə Vaşinqton və Tehran bütün cəbhələrdə, eləcə də Livanda hərbi əməliyyatların dərhal dayandırılmasını nəzərdə tutan anlaşma memorandumu imzalayıblar. Lakin iyulun 8-nə keçən gecə Birləşmiş Ştatlar İrana qarşı genişmiqyaslı zərbələri bərpa edərək, onu Hörmüz boğazı ilə bağlı razılaşmaların şərtlərini pozmaqda təqsirləndirib. Qlobal neft ticarəti həcminin təqribən 25%-i və mayeləşdirilmiş təbii qazın 20%-ə yaxını məhz bu boğaz vasitəsilə nəql olunur. Bundan sonra ABŞ administrasiyası İrana qarşı irimiqyaslı hərbi güc tətbiqinin dayandırıldığını və sanksiyalar vasitəsilə iqtisadi təzyiqlər siyasətinə keçid edildiyini nümayiş etdirmişdi.