Türkiyə sifariş verdiyi 2 ədəd yeni nəsil F-35 döyüş təyyarəsinə əlavə olaraq, daha 4 qırıcı üçün sifariş yerləşdirib.
Oxu.Az Anadolu Agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin Baş naziri Əhməd Davudoğlu ölkəsinin müdafiə və hərb sahəsindəki planlarından danışarkən bildirib.
Baş nazirin sözlərinə görə, ümumilikdə 2030-cu ilə qədər 100 ədəd F-35 döyüş təyyarəsi almaq planlaşdırılır:
“Beləliklə, mərhələli şəkildə, ən qısa zamanda Hərbi Hava Qüvvələrimiz müasirləşdiriləcək. Bildiyiniz kimi, F-35 ən müasir, yeni nəsil təyyarələrdir. Bu baxımdan Türkiyə HHQ-i ən yüksək səviyyədə yenilənəcək”.
Davudoğlu ölkəsinin həmçinin milli döyüş təyyarəsi hazırlamaq istiqamətində də iş apardığını bildirib:
“Ən uzağı 4 ilə layihə işləri tamamlanacaq. Xalqımıza bəyan etmək istəyirəm ki, hədəfimiz 2023-cü ildə milli döyüş təyyarəsinin ilk prototipinin uçuşunu həyata keçirməkdir. Bu məqsəd üçün bütün imkanlarımızı səfərbər edəcəyik”.