Türkiyənin Dini İşlər üzrə İdarəsinin (Diyanet) rəhbəri Mehmet Germez müxalifət partiyaları və ictimaiyyət tərəfindən kəskin tənqiddən sonra 1 milyon türk lirəsinə əldə edilmiş (təxminən 435 min dollara) xidməti “Mercedes S-class” avtomobilindən imtina edib, Oxu.Az Ria Novosti-yə istinadən xəbər verir.
“Bu avtomobil mənim üçün qəbrə çevrilib. Bir dəfə də olsun bu maşından istifadə etməmişəm və onu nümunə olmaq üçün geri qaytarıram”, - Germez Haberturk-ə verdiyi müsahibəsində bəyan edib.
O, avtomobilin alınmasına dair xəbərin qızğın müzakirəsini “Diyanetə kölgə salmaq kampaniyası” adlandırıb.
Qeyd edək ki, Diyanet dövlət orqanı kimi Türkiyədə 1924-cü ildən mövcuddur. Ona konstitusiyanın ayrı bəndi həsr edilib, bu bəndə görə, Türkiyə sivil dövlətdir. İdarənin yalnız Türkiyədə deyil, eləcə də bütün dünyada mövcud olan illik dövriyyəsi 2 milyard dollardan artıqdır.