Türkiyədə maliyyə sektorundakı qalmaqal fonunda adı fond böhranında hallanan və istefası ilə bağlı çağırışlar edilən Bank Tənzimləmə və Nəzarət Qurumunun (Bankacılık Düzenleme ve Denetleme Kurumu - BDDK) rəhbəri Şahap Kavcıoğlu istefa verib.
Oxu.Az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, bu barədə Şahap Kavcıoğlu öz sosial media hesabında paylaşım edib.
"Bank Tənzimləmə və Nəzarət Qurumu, eləcə də şəxsimlə bağlı son günlər ortaya atılan iddialardan sonra qurumumuza daha çox zərər dəyməməsi üçün Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən vəzifəmdən azad olunmağımı xahiş etdim. İndiyə qədər bu vəzifələri bizə həvalə edən prezidentimizə dərin minnətdarlığımı bildirirəm", - deyə o, paylaşımında bildirib.

Qeyd edək ki, Türkiyədə fond araşdırması maliyyə sektorundakı yüksək vəzifəli rəhbərləri də təsir altına alıb. Bank Tənzimləmə və Nəzarət Qurumu da müzakirə mövzusuna çevrilib. Daha əvvəl isə Şahap Kavcıoğlunun iş adamı Emre Tezmendən 20 milyard lirə tələb etdiyi və "Takasbank" vasitəsilə 35 milyard lirə kredit vədi verdiyi iddiaları ortaya çıxıb.