Türkiyənin Sivas şəhərində Dövlət Qulluğu İmtahanına (KPSS) bir dəqiqə gecikən qadın namizəd binaya buraxılmadığı üçün əsəb keçirib.
Oxu.Az DHA-ya istinadən xəbər verir ki, orta məktəb binasında keçirilən imtahan üçün qapılar saat 10:00-da bağlanıb.
Təxminən bir dəqiqə sonra həyat yoldaşı ilə məktəbə gələn qadın qaçaraq binaya daxil olmağa çalışsa da, buna icazə verilməyib. Bir neçə dəfə qapıya yaxınlaşan namizəd mənfi cavab aldıqdan sonra əsəb keçirib. Əlindəki imtahan sənədlərini və su şüşəsini yerə atan qadın əvvəlcə onu içəri buraxmayan əməkdaşlara, daha sonra isə gecikdiyinə görə həyat yoldaşına etiraz edib.
Polislər qadını sakitləşdirməkdə çətinlik çəkiblər. O, məktəbin həyətində "Bu mənim son şansım idi" deyib. Daha sonra polis əməkdaşları qadını imtahan mərkəzindən uzaqlaşdırıblar.
Eyni şəhərdə başqa bir namizəd də imtahana bir dəqiqə gecikib. Sivas Cümhuriyyət Universitetinin Ədəbiyyat fakültəsində imtahan verəcək namizəd qapılar bağlandıqdan sonra mərkəzə çatıb. Tıxaca düşməsi səbəbindən gecikdiyini deyən namizəd də imtahana buraxılmayıb.